Məkkədə nazil olmuşdur, on doqquz ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
سَبِّحِ اسْمَ رَبِّكَ الْاَعْلَىۙ(1)
(1) Ən üstün və uca olan Rəbbinin adını pak və müqəddəs tut! (Dillə Onun paklığına sitayiş et, qəlblə Onu hər bir eyb və nöqsandan pak bil, və Ona məxsus adları Ondan başqasına aid etmə, o adları təhrif etmə və nalayiq yozumlar etmə.)
الَّذِىْ خَلَقَ فَسَوّٰى ۙ(2)
(2) O kəs ki, (hər bir varlığı) xəlq etdi və (onun tərkib hissələrini yaradılışındakı əsl məqsədə uyğun olaraq) qaydaya saldı (nizamladı).
وَالَّذِىْ قَدَّرَ فَهَدٰى ۙ(3)
(3) Və o kəs ki, (hər bir məxluq üçün kəmiyyət və keyfiyyət baxımından) bir əndazə (ölçü) qoydu, beləliklə də (onları öz kamilliklərinə doğru) yönəltdi.
وَالَّذِىْۤ اَخْرَجَ الْمَرْعٰى ۙ(4)
(4) O kəs ki, (yerin köksündən) otlaq çıxartdı.
فَجَعَلَهٗ غُثَآءً اَحْوٰىؕ(5)
(5) (Al-əlvan rənglərə boyandıqdan) sonra onu qara rəngli quru çör-çöpə döndərdi.
سَنُقْرِئُكَ فَلَا تَنْسٰٓىۙ(6)
(6) (Ya Peyğəmbər!) Tezliklə sənə (bütün Quranı – əzəli elmdə və Lövhi-Məhfuzda olan əsl tənzimi ilə) oxudarıq, belə ki, əsla unutmazsan.
اِلَّا مَا شَآءَ اللّٰهُؕ اِنَّهٗ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفٰىؕ(7)
(7) Allahın istədiyindən başqa (ki, əsla istəməz də, lakin Onun qüdrəti daim məhfuzdur), həqiqətən, O, aşkar olanı da, gizli olanı da bilir.
وَنُيَسِّرُكَ لِلْيُسْرٰى ۖۚ(8)
(8) Və səni (dəvətdə və hidayətdə olan) ən asan yol üçün hazır və müyəssər edərik.
فَذَكِّرْ اِنْ نَّفَعَتِ الذِّكْرٰىؕ(9)
(9) Əgər öyüd - nəsihət fayda verəcəksə (onlara) öyüd-nəsihət ver,
سَيَذَّكَّرُ مَنْ يَّخْشٰىۙ(10)
(10) (Allahdan) qorxmaq qabiliyyətinə malik olan şəxs tezliklə öyüd-nəsihət alacaqdır.
وَيَتَجَنَّبُهَا الْاَشْقَىۙ(11)
(11) Ən bədbəxt şəxs (və Allahdan qorxmayan), ondan (öyüd-nəsihətdən) uzaqlaşar.
الَّذِىْ يَصْلَى النَّارَ الْكُبْرٰىۚ(12)
(12) O kəs ki, ən böyük oda girəcək və yanacaqdır.
ثُمَّ لَا يَمُوْتُ فِيْهَا وَلَا يَحْيٰىؕ(13)
(13) Sonra isə orada nə (həqiqətən,) öləcək və nə də (rahat) yaşayacaqdır.
قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰىۙ(14)
(14) Həqiqətən, nicat tapdı (o kəs) ki, özünü (fəsadlı əqidələrdən, əxlaqi rəzalətlərdən və çirkin əməllərdən) pak etdi, təkamülə yetişdi və zəkat verdi
وَذَكَرَ اسْمَ رَبِّهٖ فَصَلّٰى ؕ(15)
(15) Və öz Rəbbinin adını zikr etdi və namaz qıldı.
بَلْ تُؤْثِرُوْنَ الْحَيٰوةَ الدُّنْيَاۖ(16)
(16) Lakin (siz o nicatın sorağına getmirsiniz), əksinə, siz dünya həyatını üstün tutursunuz.
وَالْاٰخِرَةُ خَيْرٌ وَّ اَبْقٰىؕ(17)
(17) Halbuki axirət daha xeyirli və daha baqidir.
اِنَّ هٰذَا لَفِى الصُّحُفِ الْاُوْلٰىۙ(18)
(18) Həqiqətən, bu (deyilənlər: mənəvi paklıq və nicat, öyüd-nəsihət və namaz, dünyanı axirətdən üstün tutma) bütün keçmiş səmavi kitablarda yazılmışdır.
صُحُفِ اِبْرٰهِيْمَ وَمُوْسٰى(19)
(19) İbrahimin və Musanın kitablarında.