Əbazər məclislərin birində Peyğəmbərimiz Həzrət Mühəmməddən (s) soruşdu: Sizə nazil olmuş ən üstün və dəyərli ayə hansıdır? Rəsulullah (s) buyurdu: "Ayətəl-kürsi". Çünki o mübarək ayədə, şərafətli "Həyy və Qəyyum" sözləri vardır. İmam Sadiq (ə) buyurmuşdur: Hər nədə zirvə vardır, Quranın da zirvəsi "ayətəl-kürsi"dir. Onu bir dəfə oxuyan şəxsdən Allah Taala min dünya ağrı-acısını və min axirət narahatçılığını uzaqlaşdırar ki, dünya ağrı-acısının ən yüngülü yoxsulluq və axirət narahatçılığının ən yüngülü qəbir əzabıdır. Mən də o məqama nail olmaq arzusu ilə onu (ayətəl-kürsi) oxuyuram. Qeyd etmək lazımdır ki, Həzrət Rəsuldan (s) nəql olmuş rəvayətə və İmam Əlidən (ə) nəql olmuş təcrübəyə əsasən "ayətəl-kürsi" 50 kəlmədən ibarətdir. Buna əsasən də son iki əsrdə müsəlmanlar arasında Bəqərə surəsinin üç ayəsinin birlikdə oxunmasına baxmayaraq 255-ci ayə "ayətəl-kürsi"dir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Bağışlayan və mehriban Allahın adıyla.
اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ الْحَىُّ الْقَيُّوْمُۚ لَا تَاْخُذُهٗ سِنَةٌ وَّلَا نَوْمٌؕ لَهٗ مَا فِى السَّمٰوٰتِ وَمَا فِى الْاَرْضِؕ مَنْ ذَا الَّذِىْ يَشْفَعُ عِنْدَهٗۤ اِلَّا بِاِذْنِهٖؕ يَعْلَمُ مَا بَيْنَ اَيْدِيْهِمْ وَمَا خَلْفَهُمْۚ وَلَا يُحِيْطُوْنَ بِشَىْءٍ مِّنْ عِلْمِهٖۤ اِلَّا بِمَا شَآءَ ۚ وَسِعَ كُرْسِيُّهُ السَّمٰوٰتِ وَالْاَرْضَۚ وَلَا يَئُوْدُهٗ حِفْظُهُمَا ۚ وَ هُوَ الْعَلِىُّ الْعَظِيْمُ(255)
(255) Tək olan Allahdan qeyri məbud yoxdur, həyy (diri) və qəyyumdur (daimidir). Onu nə mürgü tutar, nə də yuxu (bir an belə varlıq aləmini idarə etməkdən qafil olmaz). Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Kimdir Onun hüzurunda Onun izni olmadan şəfaət edən?! O, bəndələrinin gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən Onun istədiyindən başqa heç nəyi bilə bilməzlər. (Hər şeyi bilən Odur. Başqalarının məhdud elmi Onun qeyri-məhdud və nəhayətsiz elmindən bir şüadır). Onun (hakimiyyət) taxtı, kürsüsü göyləri və yeri əhatə etmişdir. O ikisini (göyləri və yeri) mühafizə etmək onu yormur. Ən uca və ən əzəmətli varlıq Odur!
لَاۤ اِكْرَاهَ فِى الدِّيْنِۙ قَد تَّبَيَّنَ الرُّشْدُ مِنَ الْغَىِّۚ فَمَنْ يَّكْفُرْ بِالطَّاغُوْتِ وَيُؤْمِنْۢ بِاللّٰهِ فَقَدِ اسْتَمْسَكَ بِالْعُرْوَةِ الْوُثْقٰى لَا انْفِصَامَ لَهَا ؕ وَاللّٰهُ سَمِيْعٌ عَلِيْمٌ(256)
(256) Dini qəbul etməkdə ikrah, məcburiyyət yoxdur. (Çünki) doğru yol səhv yoldan aydınlaşmışdır. Beləliklə, kim tağutu (bütü və Şeytanı, hər hansı bir tüğyankarı) inkar etsə və Allaha iman gətirsə, ən möhkəm bir ipdən yapışmışdır; bu ip qırılmaq bilməz. Allah eşidən və biləndir!
اَللّٰهُ وَلِىُّ الَّذِيْنَ اٰمَنُوْا يُخْرِجُهُمْ مِّنَ الظُّلُمٰتِ اِلَى النُّوْرِؕ وَالَّذِيْنَ كَفَرُوْۤا اَوْلِيٰٓئُهُمُ الطَّاغُوْتُۙ يُخْرِجُوْنَهُمْ مِّنَ النُّوْرِ اِلَى الظُّلُمٰتِؕ اُولٰٓئِكَ اَصْحٰبُ النَّارِۚ هُمْ فِيْهَا خٰلِدُوْنَ(257)
(257) Allah, iman gətirənlərin vəlisi və başçısıdır; onları zülmətlərdən çıxarıb nura tərəf aparar. Amma kafir olanların vəlisi və başçısı tağutlardır; onları nurdan çıxarıb zülmətlərə tərəf aparar. Onlar cəhənnəm əhlidirlər, orada əbədi qalacaqlar.