بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Salam olsun Allahın yaratdıqlarının içindən (arasından) seçilmiş olan Adəmə! Salam olsun Allah tərəfindən seçilmiş və onun vəlisi olan Şis‘ə! Salam olsun Allahın höccətini uca tutan İdrisə! Salam olsun duası qəbul edilən Nuha! Salam olsun Allah tərəfindən köməyinə yetişilən və qorunan Huda! Salam olsun Allahın öz kəramət tacını geyindirdiyi Salehə! Salam olsun Allahın özünə məxsusi dostluq və məhəbbətini bəxş etdiyi İbrahimə! Salam olsun Allahın cənnətin dəyərli qurbanlığını fəda etdiyi İsmayıla! Salam olsun Allahın peyğəmbərliyi, nəslinə (əta etdiyi) verdiyi İshaqa! Salam olsun Allahın rəhmətiylə yenidən görməsini təmin etdiyi Yəquba! Salam olsun Allahın (üstün) əzəməti sayəsində quyudan qurtardığı Yusifə! Salam olsun Allahın (bənzərsiz) qüdrətiylə dənizi onun üçün ikiyə böldüyü Musaya! Salam olsun Allahın peyğəmbərlik məqamına məxsus qıldığı Haruna! Salam olsun Allahın ümmətinə qalib gəlməsi üçün kömək etdiyi Şueybə! Salam olsun Allahın onun xətasını görməzlikdən gəldiyi Davuda! Salam olsun izzətindən ötəri cinlərin (belə) itaət etdikləri Süleymana! Salam olsun Allahın xəstəliyinə şəfa verdiyi Əyyuba! Salam olsun Allahın onun haqqındakı əhdini yerinə yetirdiyi Yunisə! Salam olsun Allahın ölümündən sonra yenidən diriltdiyi Üzeyirə! Salam olsun imtahan və müsibətlərə qarşı səbr edən Zəkəriyyaya! Salam olsun Allahın şəhadətə yetməsi ilə məqamını yüksəltdiyi Yəhyaya! Salam olsun Allahın kəlamı və ruhu olan İsaya! Salam olsun Allahın seçdiyi və həbibi olan Muhəmmədə! Salam olsun Allah Rəsulunun qardaşı olmasından ötəri xüsusi bir məqama sahib olan Əbu Talibin oğlu və Möminlərin Əmiri Əliyə! Salam olsun Allah Rəsulunun qızı Həzrət Fatiməyə! Salam olsun Həzrət Əlinin qəyyumu və özündən sonar (İmam olaraq) yerinə keçən; Muhəmmədin oğlu Həsən ibn Əliyə! Salam olsun qanını verərək; canını fəda edən Hüseynə! Salam olsun Allaha gizlində və aşikarda itaət edənə! Salam olsun Allahın (qəbrinin) torpağını şəfa qərar verdiyi şəxsə (Hüseynə)! Salam olsun qübbəsi altında duaların qəbul olunduğu şəxsə (Hüseynə)! Salam olsun (pak və məsum) İmamların onun övladlarından olduğu şəxsə (Hüseynə)! Salam olsun son Peyğəmbərin oğluna (Hüseynə)! Salam olsun bütün vəsilərin ağası olan Əlinin oğluna! Salam olsun Fatimeyi-Zəhranın oğluna! Salam olsun Xədiceyi-Kübra’nın oğluna (Hüseynə)! Salam olsun Sidrətul-Müntəha’nın oğluna (Hüseynə)! Salam olsun Cənnətul-Mə’va’nın (əbədi) oğluna (Hüseynə)! Salam olsun Zəm-zəm və Səfanın oğluna (Hüseynə)! Salam olsun bədəni qana bulanmış olana (Hüseynə)! Salam olsun çadırlarına hörmət edilməyənə (Hüseynə)! Salam olsun Kisa əhlinin (Ali-əbanın) beşincisinə (Hüseynə)! Salam olsun qəriblərin ən qəribinə (Hüseynə)! Salam olsun şəhidlərin şəhidinə (Hüseynə)! Salam olsun haramzadələr tərəfindən öldürülənə (Hüseynə)! Salam olsun Kərbəla sakininə (Hüseynə)! Salam olsun səma mələklərinin ağladığı şəxsə (Hüseynə)! Salam olsun nəsli pak olana (Hüseynə)! Salam olsun dinin öndərinə (Hüseynə)! Salam olsun ilahi hüccətlərin olduğu məkanlara! Salam olsun imamların şərəfli ağasına! Salam olsun baş və bədəni parçalanmış (doğranmış) olanlara! Salam olsun qurumuş dodaqlara! Salam olsun əziyyət çəkən canlara! Salam olsun ruhları bədənlərdən çıxanlara! Salam olsun çılpaq buraxılmış o bədənlərə! Salam olsun rəngi solmuş bədənlərə! Salam olsun tökülən o qanlara! Salam olsun paramparça edilmiş əzalara! Salam olsun mizraq uclarındakı başlara! Salam olsun çadırlardan çölə çıxan o qadınlara! Salam olsun aləmlərin Rəbbinin Höccətinə! Salam olsun sənə və sənin pak nəslinə! Salam olsun sənə və sənin şəhid olan övladlarına! Salam olsun sənə və sənə kömək edən xanədanına! Salam olsun sənə və məzarında səninlə birlikdə olan mələklərə! Salam olsun məzlum bir şəkildə öldürülənə! Salam olsun zəhərləndirilmiş qardaşına (İmam Həsənə)! Salam olsun Əli Əkbərə! Salam olsun o südəmər kiçik körpəyə! Salam olsun paltarları və əşyaları qarət olunmuş bədənlərə! Salam olsun Peyğəmbərin qərib İtrətinə (Əhli-beytinə)! Salam olsun çöllərdə qalanlara! Salam olsun vətənlərindən uzaq qalanlara! Salam olsun kəfənsiz dəfn edilənlərə! Salam olsun başları bədənlərindən ayrılanlara! Salam olsun tədbirlə davranıb səbr edənə! Salam olsun köməkçisi olmayan məzluma! Salam olsun pak türbətin sakininə! Salam olsun o uca məqamlı türbənin sahibinə! Salam olsun Uca Allahın təthir etdiyi (pak qıldığı) şəxsə! Salam olsun Cəbrailin qürur duyduğu şəxsə! Salam olsun Mikayılın onu güldürə bilməsi üçün beşikdə danışdığı şəxsə! Salam olsun əhdinə vəfa edilməyənə! Salam olsun hörməti qorunmayana! Salam olsun zülmlə qanı tökülənə! Salam olsun yarasındakı qanıyla qüsl aldırılana! Salam olsun mizraqlardakı qədəhlərlə sərxoş olana (şəhidlik şərbətini içənə)! Salam olsun qanı mübah edilən məzluma! Salam olsun başı bədəndən ayrılana! Salam olsun kənd əhli (Bəni Əsəd qəbiləsi) tərəfindən dəfn edilən bədənə! Salam olsun şah damarı kəsilənə! Salam olsun dini müdafiə edərkən yavərsiz qalana! Salam olsun saqqalı qanı ilə rəngin olana! Salam olsun üzü torpağa sürtülənə! Salam olsun paltarları qənimət olaraq alınan bədənə! Salam olsun çubuqla dodaqlarına vurulana! Salam olsun damarı kəsilənə! Salam olsun başı mizraqlarda daşınana! Salam olsun vəhşi heyvanlar kimi ətrafına yığışılan və ac canavarlar kimi paramparça edilən Kərbəla səhrasında çılpaq buraxılmış bədənlərə! Qübbəvi təvaf edib, ziyarətinə gələn və pak məzarının ətrafında qanad çalan mələklərə və sənə salam olsun Ey Mövlam! Salam olsun sənə! Qurtuluşun sənin əlində olduğu ümidi ilə sənə doğru yönəldim. Sənin hörmətini bilən, vilayətində muxlis olan, sənin məhəbbətinlə Allaha yaxınlaşan və sənin düşmənlərindən nifrət edən bir adam olaraq səni salamlayıram. Müsibətindən ürəyi yaralanmış və səni xatırladığında gözyaşı tökən bir kimsə olaraq səni salamlayıram. Kədərinlə kədərlənmiş, müsibət görmüş, dərbədər və biçarə bir adam olaraq səni salamlayıram. Əgər sənlə Kərbəlada olsaydım; iti qılınclara qarşı səni canıyla qoruyan, sənin üçün ölümü gözə alan, səninlə cihad edən, sənə zülm edənlərə qarşı köməyinə qaçan, canını, malını və uşaqlarını sənə fəda edən, sənin canını öz canından üstün tutan və əhli-əyalını sənin əhlibeytinə gələcək bəlalara qarşı sipər edən bir kimsənin salamıyla səni salamlayıram. Hər nə qədər əsrlər keçmiş, Allahın təqdiri məni sənə kömək etməkdən saxlamışsa da, sənlə döyüşənlərlə döyüşmədimsə, sənə düşmənçilik edənlərə qarşı düşmənçilik etmədimsə (bunun üçün zaman məni səndən ayırsa da) hər səhər və hər axşam sənə mərsiyyə oxuyacaq və sənə olan bu müsibətlər üzündən kədərlənib, ruhumu incidən və içimi ağrıdan bu müsibət və kədərdən ötəri ölənə qədər gözyaşı yerinə qan ağlayacağam. Sənin namaz qıldığına, zəkat verdiyinə, yaxşılığı əmr edib pislikdən nəhy etdiyinə, Allaha itaət edib Ona üsyan etmədiyinə, Allahın ipinə sarılıb Onun razılığını qazandığına, Ondan qorxduğuna, əmrini mühafizə etdiyinə, Onun istəklərini yerinə yetirdiyinə, ilahi sünnələrə uyğun gəldiyinə, fitnələrə son verdiyinə, xalqı hidayətə və kamala dəvət etdiyinə, həqiqətin yollarını göstərdiyinə, Allah yolunda haqq üçün cihad etdiyinə, Allaha tabe olduğuna, dəyərli baban Muhəmmədin ardıcılı olduğuna və atan Əlinin buyruğunu dinlədiyinə və qardaşın (İmam Həsənin) vəsiyyətini yerinə yetirdiyinə, dinə dəstək olduğuna, tüğyanın, itaətsizliyin və zülmün kökünü kəsdiyinə, ümmətin yaxşılığını istədiyinə, Allah yolunda ölüm girdablarını gözə aldığına, fasiqlə döyüşdüyünə və Allahın əmrlərini icra etdiyinə, İslama və Müsəlmanlara rəhmət gətirdiyinə, haqqa kömək etdiyinə, çətinliklər və bəlalar qarşısında səbirli, dini qoruyub, ona kömək etdiyinə, ədaləti yaydığına, dini ortaya çıxardığına, dini məsxərə edənləri bu etdiklərindən saxlayıb məhrum etdiyinə, zəiflərin haqqını güclülərdən aldığına və güclüylə zəif arasında hökm edərkən bərabərliyi təmin etdiyinə (ədalətlə hökm etdiyinə) dair şahidlik edirəm. Sən yetimlərin baharı, xalqın sənə sığındığı, İslamı ucaldan ilahi əhkamın mədəni, bağışlayan və ehsan edən bir şəxs idin. Sən, cəddinin və atanın yolunu izləyən, qardaşın kimi atanın qəyyumu və əhdinə vəfa edən idin. Əhd və peymanlarında vəfalı, bəyənilən xüsusiyyətlərə sahib, açıq-aşkar böyüklük və bağışlayıcı xüsusiyyəti olan, gecəsini ibadətlə keçirən, parlaq keçmişə sahib, nəcib və zadəgan soylu, yüksək mövqe və mərtəbələrə mənsub, bir çox fəzilət sahibi, gözəl əxlaqlı, həmd edən, çox bağışlayan, səbirlə kamala çatan, Allaha yönələn, bağışlayıcı, alim, güclü, şəhidlərin rəhbəri, Allahın hüzurunda ağlayan, sevilən, heybətli və təmkinli idin. Sən Peyğəmbər səlləlləhu əleyhi və alihin oğlu, Quranın dəstəkçisi (dayaq və qoruyucusu) idin. İslam ümmətinə kömək edib Allaha itaət yolunda çox səy göstərərdin. Sən əhd və peymanları qoruyan, fasiq və günahkarların yolundan üz çevirən, Allah yolunda gücün yetdiyi qədər hər şeyini fəda edərdin. Rüku və səcdələrini uzun edərdin. Dünyadaykən dünyadan hər an köç edəcəkmiş kimi zahidlik edərdin. Dünyəvi istəklərini kənara qoydun və dünyanın zinətləri (gözündə) əhəmiyyətsiz oldu. Dünyanın sevinc və şadyanalıqlarına üz çevirdin. Sənin axirətə olan rəğbətin və istəyin bilinir və məşhurdur. Sitəm, təcavüz əlini uzatdığı, zülmün aşkar olduğu, zəlalət və azğınlığın sənin yolunun ardıcıllarını cəzb etdiyi bir vaxtda sən; Allah Rəsulunun hərəmində sakin ikən zülümdən uzaq bir şəkildə mehrabı özünə məkan etmiş, hər növ şəhvani istək və ləzzətlərdən özünü saxlamış, gücünün və imkanlarının yetdiyi qədər qəlb və dilin ilə çirkinlikləri inkar edib, rədd etmişdin. Vaxtı gəldiyində elminlə inkar etdin və elə o zaman fəsad və zülmü yayanlarla mübarizə aparmaq sənə vacib oldu. Daha sonra övladların, xanədanın, şiələrin, dost və sevənlərinlə yola çıxdın. Həqiqətləri söyləyib, Allahın hökmlərini bəyan etdin. Nəsihət və hikmətli sözlərlə xalqı Allaha yönəlməyə dəvət etdin. Allahın təyin etdiyi ilahi hüdüdlara doğru itaətə əmr etdin. Eləcə də (insanları) çirkinliklərdən və itaətsizlikdən nəhy etdin. Amma onlar düşmən və üsyankarlıqla sənə qarşı qiyama qalxdılar. Onları bu işlərindən çəkindirdikdən və onlara höccəti tamamladıqdan sonra onlarla cihad etdin. Sənə olan sözlərini və əhdlərini ayaqlar altına aldılar. Səninlə döyüşərək Allahı və Rəsulunu hiddətləndirdilər. Vurduğun hər qılınc və mizraq zərbələriylə dimdik ayaq üstə dayandın. Günahkar ordunu (şücaətinlə) lərzəyə saldın. Toz torpağın bir-birinə qarışdığı döyüş meydanına Zülfiqarınla girdiyin zaman Allahın bəyənib seçdiyi Əliyə bənzəyirdin. Səni qorxusuz, mətin və qərarlı bir şəkildə gördükləri zaman səni öldürmək üçün yollarına ölüm hiylələri, tələləri qurdular və məkrlə səninlə savaşdılar. Və o lənətlənmiş (İbn Ziyad), döyüşçülərinə əmr etdi ki, suyu sənə qadağan etsinlər. Səninlə döyüşməyə tələsdilər, dəvələrindən enib səninlə mübarizə etdilər. Səni daş və ox yağışına tutdular. Həddlərini aşıb sənə əl qaldırdılar və haqqını yedilər. Heç bir günahı və haramı düşünmədən tərəfdarlarını öldürüb, qarət edərək, sənə hörmət etməyib haqqını yedilər. Göz-gözü görmədiyi o döyüş meydanında elə bir danlaq və əziyyətlərə dözdün ki; səmadakı mələklər səbir və müqavimətinin qarşısında heyrətə düşdülər. Düşmənlər səni mühasirəyə alıb; dərin yaralarla səni yaraladılar və qurtuluş qapılarını üzərinə bağladılar. Belə ki, köməyə qaçacaq kimsə qalmamışdı. Hər şeyi Allaha həvalə edib səbr edərək səni atından salana qədər qadınları və uşaqlarını qoruyurdun. Atların ayaqları altında tapdalanarkən yaralar-sınıqlar içərisində yerə yıxıldın. Təcavüzkarlar sənə qılınclarıyla vururdular. Artıq alnında ölüm təri vücuda gəldi və mübarək bədəninin sağ və sol tərəfi sıxılıb, boşaldı. Gözünün ucuyla xeymənə və çadırına baxırdın. Düşdüyün o hal və vəziyyət səni övladlarından və Əhli-beytindən ayırırdı. Atın; sənin şəhadət xəbərini Əhli-beytinə bildirmək üçün ağlayaraq sürətlə çadırlarına doğru üz tutdu. Xeymənin qadınları yəhəri tərsinə çevrilmiş və bəlaya uğramış atını gördükləri zaman özlərini çadırlardan çölə atdılar. Çadralarının altından saçlarının (hörüklərini) açdılar, (üzlərindəki) örtüklərini çıxarıb, üzlərini sillələməyə başladılar. Yüksək səslə ağladılar, fəryadlarla səni andılar. Onlar izzətli bir həyatdan sonra, zillətə məruz qaldılar və sürətlə qətligaha doğru irəlilədilər. Şimr (l.ə) sinəsinə çöküb qana susamış qılıncıyla boğazını kəsdi və o iyrənc əlləriylə mübarək saqqalını tutub qılıncıyla başını bədənindən ayırdı. Qılıncını qana boyadı. Son nəfəsini verdiyin o an özündə deyildin. Daha sonra mübarək başın nizəyə taxıldı. Əhli-beytin qullar kimi əlləri zəncirlənmiş, ayaqları qandallanmış şəkildə əsir götürüldü. (Yəhərsiz) Dəvələrin üzərində, günəşin qızğın istiliyi üzlərini qovurmuş bir şəkildə, qızmar səhrada (bir vilayətdən başqa bir vilayətə) aparılırdılar. Əlləri boyunlarına bağlı halda (kəndlərdə, şəhərlərdə) bazarlarda gəzdirilirdilər. Səni öldürməklə, İslamı yox edib, oruc və namazı inkar edən və Allahın sünnəsini və dinin əhkamını ayaqlar altına alanlar din və imanın sütunlarını yıxdılar. Quranın ayələrini təhrif edərək sənə düşmənçilik edən fasiq və günahkarların vay halına! Sənin şəhadətin ilə Rəsulullahın (s) mazlumiyyəti bir daha aşikar oldu. Və Allahın kitabı yenidən kənara atılmış oldu. Sənin öldürməklə haqqın yerinə batil keçdi. Sənin yoxluğunla Allahu Əkbər və La ilahə illəllah səsləri, Allahın haram və halalları, Quranın tənzili (zahiri) və təvili (batini) yox oldu. Səndən sonra dində dəyişikliklər, küfr, dinsizlik, Allahın hökmlərinə itaətsizlik, nəfsi istəklərə tabe olma, azğınlıq, fitnə və batil meydana çıxdı. Sənin şəhadət xəbərinin carçısı (Xanım Zeynəb (s.ə)) cəddin Rəsulullahın məzarına gedərək, gözyaşlarıyla şəhadət xəbərini Peyğəmbərə verərək belə buyurdu: “Ey Allahın Rəsulu! Cənnət cavanlarının ağası olan nəvən öldürüldü. Əhli-beytinin hörmətini tapdalayıb, (qan və canlarını) mübah etdilər. Sənin uşaqlarını və nəslini sənin ölümündən sonra əsir götürdülər. Ailən və itrətin müsibətə məruz qaldılar.” Peyğəmbər bu hadisələr qarşısında, çox kədərləndi və ağladı. Sənin şəhadətindən yana Peyğəmbərlər və mələklər Peyğəmbərə başsağlığı verdilər. Və anan Zəhra matəmə qərq oldu. Müqərrəb mələklər dəstə-dəstə atan Əmirəl-Mumininə başsağlığı dilədilər. Və Allahın uca ərşində sənə görə əza məclisi qurdular. Hurul-Eyn sənin müsibətindən yana (üzlərini) sillələyib cırmaqladılar, göy və göy əhli sənə gözyaşı tökdülər. Cənnət və onun xidmətçiləri, dağlar və ətəkləri, dəniz və balıqları, Cənnət bağçaları və cavanları, Kəbə, Həzrət İbrahimin məqamı, Məscidul-Həram, Məş’ərul-Həram və ətrafının hamısı yas tutub ağladılar. İlahi! Bu yüksək dərəcəli məqamın hörmətinə Həzrət Muhəmmədə və Əhli-beytinə salam və rəhmətini nazil et. Və məni (dünya və axirətdə) Onlarla həşr et. Və məni Onların şəfaətiylə cənnətəinə daxil et. İlahi sənə yalvarıram. Ey əməl dəftərinə hər kəsdən daha tez baxan! Ey kəramətlilərin ən kəramətlisi! Ey hökm edənlərin ən yaxşı hökm edəni! Sənin tərəfindən bütün aləmlərə göndərilən Peyğəmbərə, yüksək elm sahibi, qəlbi imanla dolu qardaşın və əmin oğlu Əmirəl-Mumininə və dünya və axirət qadınlarının Seyyidəsi olan Fatiməyə, müttəqi və ismət sahibi olan Həsənə, şəhidlərin ən ucası olan Əba Əbdİlahil-Hüseyn’ə, şəhid övladlarına və məzlum itrətinə, abidlərin zinəti olan Zeynul-Abidinə, tövbə edənlərin qiblənüması olan Muhəmməd ibn Əliyə, sadiqlərin ən sadiqi olan Cəfər ibn Muhəmmədə, Allahın nişanələrini təzahür edən Musa ibn Cəfərə, dinin köməyinə qaçan Əli ibn Musaya, hidayət edənlərin öndəri olan Muhəmməd ibn Əliyə, zahidlərin zahidi olan Əli ibn Muhəmmədə, xilafətin varisi və aləmlərin bütün varlıqlarına ilahi hüccət olan Həsən ibn Əliyə, daima xeyir əməllərdə olan, haqq və həqiqəti deyən Taha və Yasin xanədanından olan Muhəmməd və ali Muhəmmədə salam və rəhmət göndər. Qiyamət günündə məni möminlərdən, rahatçılığa, hidayətə, səadətə çatanlardan, müjdələnənlərdən qərar ver! İlahi! Məni həqiqi Müsəlmanlardan və saleh qullarınla birlikdə olanlardan qərar ver. (eləcə də) Mənə gələcək nəsillər arasında doğru danışan bir dil qərar ver. Düşmənlər qarşısında məni müzəffər et. Məni paxıllıq edənlərin hiylələrindən qoru. Hiyləgərlərin hiyləsini və Zalımların zülmünü məndən uzaq et. Məni nemət verdiyin mübarək sərvərlərim olan; Peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh bəndələrinlə birlikdə (cənnətin ən yüksək mərtəbəsi olan) İlliyyunda qərar ver. Ey mərhəmətlilərin ən mərhəmətlisi! İlahi səni and verirəm hər növ günah və çirkinlikdən məsum qərar verdiyin Peyğəmbərin haqqına, sənin qəti hökm və təqdirinin haqqına, nəhy etdiyin sirrlərin haqqına, məzlumca öldürülmüş günahsız imamın ziyarət və ziyarətçilərinin yeri olan məzari şərifinin haqqına mənim qəmlərimi aradan qaldır. Məni pis olan hər cür qəzadan və bəladan uzaq et. Məni yandırıcı Cəhənnəm atəşindən qoru. İlahi məni nemət verdiklərindən və nemətinə razı olanlardan et. Böyük əffinlə günahlarımı bağışla. Və məni intiqamından və hiyləndən uzaq et. İlahi! Məni zəlalət yoluna salma. Məni verdiyim söz və əməllərimdə istiqamətli et. Mənim ömrümü artır. Xəstəliklərdən qoru və mənə sağlamlıq bəxş et. Vəlilərimin və uca lütfkarlıqlarının haqqına məni ən fəzilətli əməllərə çatdır. İlahi! Muhəmməd və Onun Əhli-beytinə rəhmət və salam göndər və tövbəmi qəbul et. Göz yaşlarıma acı. Ayağımı büdrətmə. Kədər və çətinliklərimi aradan apar. Günahlarımı bağışla. Mənim nəslimi saleh olanlardan qərar ver. İlahi! Günahlarımı bağışlamadan, eyblərimi örtmədən, kədərmi aradan qaldırmadan, bol ruzi əta etmədən, mənzilət və məqamımı ucaltmadan, fəsad əməllərimi aradan qaldırmadan, məni arzularıma çatdırmadan, dualarımı qəbul etmədən, çətinliklərimi aradan aparmadan, bölünmələri toplamadan, əmrlərini yerinə yetirmədən, varlığıma varlıq qatmadan, mənfi xüsusiyyətlərimi düzəltmədən, infaq etdiklərimi çoxaltmadan, həyatımı abad etmədən, paxıllıq edənlərin kökünü qurutmadan, düşmənlərimi yox etmədən, şərr və pislikləri uzaqlaşdırmadan, xəstələrə şəfa vermədən, uzaqlıqlara son vermədən (yaxınlaşdırmadan), içimdəki tərəddüdləri islah etmədən, hacətlərimi əta etmədən məni kəramətli məkan olan bu məzari-şərifdən ayırma. İlahi! Səndən dünya və axirət səadətini istəyirəm. İlahi, halallarının vasitəsiylə məni haramlardan və eləcə də lütfün xatirinə bütün məxluqatından ehtiyacsız qıl. İlahi! Səndən faydalı bir elm, xüşu üzrə bir qəlb, şəfa verici bir yəqin, pak bir əməl, gözəl bir səbr və çoxlu əcr və mükafat diləyirəm. İlahi! Məni, mənə verdiyin nemətlər qarşısında şükrünü yerinə yetirənlərdən et. Mənə olan lütf və kərəmini artır. Sözü xalqın arasında etibar edilənlərdən et. Və əməllərimi öz dərgahında qəbul et. Xeyirli əməllərimizi insanlara örnək olaraq təqdim et. Düşmənimi yox et. İlahi! Gecənin və gündüzün hər bir anında Muhəmmədə və Onun, məxluqatın ən xeyirliləri olan Əhli-Beytinə salam və rəhmət göndər. Pis insanların şərrindən məni qoru. Məni hər cür günah və çirkinliklərdən təmizlə. Mənə cəhənnəm atəşindən nicat ver. Məni əbədi cənnətinə sakin et. Və məni və bütün imanlı mömin qardaşlarımı və bütün möminələri rəhmətinlə bağışla ey mərhəmətlilərin ən mərhəmətlisi.