DUALARA ƏLAVƏ OLUNAN BİDƏTLƏR
Qeyd etməliyik ki, bəzi nadanlar "Varis" ziyarətinə özlərindən cümlələr əlavə etmiş, hətta başqa məqamlarda da bu işi təkrarlamışlar. Halbuki, bu kimi bidətlər və əlavələr təhlükəli iş olub İmamlar (ə) tərəfindən qəbul olunmamışdır. Bu işlər tədricən İmamların (ə) kəlamının dəyişdirilməsinə gətirib çıxarar. Bu səbəbdən də mərhum Şeyx Abbas Qummi "Varis" ziyarətindən sonra bu barədə öz gileyini müfəssəl şəkildə qeyd etmişdir. Bu əsnada ustadı Hacı Nurinin "Lö'lö və mərcan" kitabında bu xüsusdakı gileyini də qeyd etdikdən sonra bu "cahilanə əlavələr"dən bir neçə nümunəni oxucuların nəzərinə çatdırmışdır. Sonda səhabələrin və şiə alimlərinin hədislərin nəqlindəki, onların səhih olub-olmamasındakı mühafizəkarlıqlarını, hətta bəzi kitabların bəzi İmamlara (ə) təqdim edilməsində göstərdikləri israrı vurğulamışdır. Buna görə də Əbu Haşim Cəfərinin "Yunis ibn Əbdur-Rəhmanın kitabını" İmam Həsən Əsgəriyə (ə) təqdim etməsi hekayətini, həmçinin Burəq Şəncani Həratinin "Fəzl ibn Şazanın "Yəum və ləyl" kitabının" İmam Həsən Əsgəriyə (ə) təqdim etməsi hekayətini qeyd etmişdir.
Şeyx Abbas Qummi dua və ziyarətləri ana nüsxələrdən nəql etməkdə və onları digər nüsxələrlə tutuşdurmaqda göstərdiyi diqqətə işarə etdikdən sonra sonda Şeyx Kuleynidən nəql edir ki, Əbdur-Rəhim Qəsir belə nəql edir: "Mən İmam Sadiqin (ə) hüzuruna getdim və dedim: "Sənə fəda olum, mən özümdən bir dua icad etmişəm." İmam Sadiq (ə) buyurdu: "Onu kənara qoy və öz icadın sarıdan məni öz halımla baş-başa qoy." (Yəni o duanı mənə oxumağına lüzum yoxdur, çünki qəbul edilməzdir.)
Abdullah ibn Sinan da nəql edir ki, İmam Sadiq (ə) buyurdu: "Tezliklə şəkk-şübhələr sizə hücum çəkəcək, bir halda ki, bir yol göstərəniniz və rəhbəriniz olmayacaq. Bu zaman "Ğəriq" duasını oxuyan kəs nicat tapar." Mən ərz etdim: "Ğəriq duası hansı duadır?" O həzrət buyurdu: "Belə de:
يَاۤ اَللّٰهُ يَا رَحْمَانُ يَا رَحِيْمُ
Ey Allah! Ey Bağışlayan! Ey mehriban! Ey qəlbləri haldan hala salan! Mənim qəlbimi öz dinində möhkəm et!
يَا مُقَلِّبَ الْقُلُوْبِ
ثَبِّتْ قَلْبِيْ عَلٰى دِيْنِكَ
Mən bu duaya "əbsar" (görən) kəlməsini artırıb dedim:
يَا مُقَلِّبَ الْقُلُوْبِ وَ الْاَبْصَارِ ثَبِّتْ قَلْبِيْ عَلٰى دِيْنِكَ۔
Ey qəlbləri haldan hala salan və görən! Mənim qəlbimi öz dinində möhkəm et!
İmam Sadiq (ə) buyurdu: "Şübhə yoxdur ki, Allah "qəlbləri haldan hala salan və görən"dir. Lakin mən dediyim kimi de və bu, kifayətdir." (Yəni heç nə əlavə etmə.)