MƏDİNƏDƏKİ MƏSCİDLƏRİN ZİYARƏTİ
İmam Sadiqin (ə) dostlarından biri deyir ki, mən o həzrətə ərz etdim: "Mədinə ətrafındakı məscidləri (və məqbərələri) ziyarət etmək istədiyim vaxt haradan başlayım?" İmam Sadiq (ə) buyurdu: "Quba məscidindən başla. Orada namaz qıl, həm də çox namaz qıl. Çünki ora Rəsulallahın (s) namaz qıldığı ilk məsciddir." Quba məscidində bu cümləylə başlayan duanı (Bu dua çox uzun olduğundan burada qeyd etmirik. Maraqlananlar onu "Məzar əl-Bihar" kitabında tapa bilərlər.) oxumaq tövsiyə olunur:
يَا كَاۤئِنًا قَبْلَ كُلِّ شَىْءٍ۔۔۔
Ey hər şeydən əvvəl var olan...
Sonra "Məşrəbeyi-Ummi-İbrahimə" get və orada da namaz qıl. Çünki ora Rəsulallahın (s) məskunlaşdığı və namaz qıldığı yer olub.
Sonra "Fəzih" məscidinə (bu məscidə "rəddi-şəms" məscidi də deyilir və Quba məscidinin yaxınlığında yerləşir) daxil ol və iki rəkət namaz qıl. Çünki Rəsulallah (s) orada namaz qılmışdır.
Sonra Əhzab məscidinə (Fəth məscidi də adlanır) daxil ol və orada namaz qıl. Seyid İbn Tavus "Misbahuz-zair" kitabında qeyd edir ki, zəvvar, Rəsulallahın (s) Əhzab məscidində etdiyi duanı özünə tətbiq edərək dəyişə bilər. Yəni iki rəkət namaz qıldıqdan sonra belə deyə bilər:
يَا صَرِيْخَ الْمَكْرُوْبِيْنَ
وَ يَا مُجِيْبَ دَعْوَةِ الْمُضْطَرِّيْنَ
وَ يَا مُغِيْثَ الْمَهْمُوْمِيْنَ
اكْشِفْ عَنِّيْ ضُرِّيْ وَ هَمِّيْ
كَمَا كَشَفْتَ عَنْ نَبِيِّكَ
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ هَمَّهُ
وَ كَفَيْتَهُ هَوْلَ عَدُوِّهِ
وَ اكْفِنِيْ مَاۤ اَهَمَّنِيْ مِنْ اَمْرِ الدُّنْيَا وَ الْاٰخِرَةِ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Seyid İbn Tavus ardınca belə qeyd edir: "Sonra İmam Zeynul-abidinin (ə) və İmam Cəfər Sadiqin (ə) evində, Salman Farsinin məscidində, Həmzənin qəbri müqabilində yerləşən Əmirəl-möminin Əlinin (ə) məscidində və Mübahilə məscidində bacardığın qədər namaz qıl və istədiyin duaları et.